ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda buraxılış işlərinin müdafiəsi davam edir
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda bakalavrların buraxılış işlərinin müdafiəsi keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, buraxılış işlərinin müdafiəsinə 7 nəfərdən ibarət Yekun Dövlət Attestasiya Komissiyası nəzarət edib.
Akademik Vasim Məmmədəliyevin sədrlik etdiyi müdafiədə tələbələr buraxılış işlərinin mövzuları haqqında komissiya üzvlərinə məlumat veriblər. Bakalavrlar müəllimlərin suallarını cavablandırıb, opponentlər tərəfindən müsbət rəy alıblar.
Müdafiə prosesində iştirak edən Aİİ-nin rektoru Ceyhun Məmmədov tələbələrin buraxılış işlərinin təqdimatını dinləyib, mövzularla bağlı tövsiyələrini verib.
“İnanıram ki, məzunlarımız onlara göstərilən etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar. Doğma vətənimizin adını daim uca tutacaq və onu layiqincə təmsil edəcəklər. Ölkəmizin qüdrətlənməsi naminə çalışacaq, onun hərtərəfli inkişafına töhfə verəcəklər”, - deyə rektor qeyd edib.
Akademik Vasim Məmmədəliyev tələbələri buraxılış işlərini uğurla müdafiə etdiklərinə görə təbrik edib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Akademik gənclərə ixtisaslarının məsuliyyətini xatırladaraq, onlara bu çətin yolda uğurlar arzulayıb.
İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov çıxışında tələbələrin qazandıqları bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahı naminə sərf edəcəklərinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilib.