İLİSU KƏNDİNDƏKİ “ULUDAĞ” TURİZM VƏ İSTİRAHƏT MƏRKƏZİ İLƏ TANIŞLIQ
Prezident İlham Əliyev aprelin 12-də, Qax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Azərbaycanın ən dilbər guşələrindən biri sayılan qədim İlisu kəndinə gedərək, burada yeni yaradılmış “Uludağ” turizm və istirahət mərkəzi ilə tanış olmuşdur.
Dövlətimizin başçısını və ailə üzvlərini burada böyük ehtiramla qarşıladılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezidentə məlumat verdi ki, turizmin inkişafı üçün bütün potensial imkanlara malik olan İlisu kəndinin yuxarı hissəsində, uca dağlarla əhatə olunmuş ərazidə yaradılan, 4 hektara yaxın sahəsi olan “Uludağ” turizm və istirahət mərkəzi ailəvi istirahət üçün nəzərdə tutulmuşdur. Kompleksə kotteclər, mehmanxana, 100 nəfərlik yeməkxana, idman və rəqs meydançaları, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün salon və digər infrastruktur daxildir. Mərkəzin tikintisinin birinci mərhələsi artıq başa çatdırılmış və hazırda 50 nəfər turisti qəbul etmək imkanına malikdir. Ötən ilin yayında buraya ilk turistlər gəlmişdir. Hazırda ikinci mərhələdə nəzərdə tutulan işlər görülür.
Bənzərsiz təbiəti olan bu kənddə Azərbaycan memarlığının qiymətli nümunələrindən sayılan memarlıq abidələri, o cümlədən məscid vardır. Hazırda onlarda təmir-bərpa işləri görülür. İlisuda dağ turizmi və alpinizm həvəskarları üçün hər cür təbii şərait vardır.
Prezident İlham Əliyev “Uludağ” turizm və istirahət mərkəzinin ərazisini gəzdi və burada yaradılan şəraiti yüksək qiymətləndirdi və bu məkanda turizm sektorunun inkişafı üçün dövlət tərəfindən diqqət və qayğının bundan sonra da artırılacağını vurğuladı.