İlk dəfə 80-dək ölkənin Vəkillər Kollegiyaları nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 27-də Honk Konq Vəkillər Kollegiyasının təşkilatçılığı və 80-dən artıq ölkənin vəkillər kollegiyalarının təmsilçilərinin iştirakı ilə “COVID-19-un çağırışlarına vəkil cameəsi necə cavab verməlidir?” mövzusunda videokonfrans keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, konfransda kollegiyanın Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov da iştirak edib.
Konfransda koronavirus pandemiyasının vəkil peşəsinin həyata keçirilməsində yaratdığı maneələr və bu maneələrlə mübarizədə vəkillərin peşə birliklərinin tutmalı olduqları mövqe, habelə bu dövrdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsində vəkil peşəsinin rolu müzakirə olunub. İngiltərə və Uelsin Hüquq Cəmiyyətinin sədri Saymon Devisin, Yaponiya Vəkillər Kollegiyasının sədr müavini Hidetomo Uedanın, Fransa Vəkillər Kollegiyasının sədri Kristian Ferla-Şulun, Rusiya Federal Vəkillər Palatasının katibi Konstantin Dobrininin, həmçinin Milan Vəkillər Kollegiyasının, Avstraliya Vəkillər Kollegiyasının və digər ölkələrin nümayəndələrinin aidiyyəti ölkələrdə pandemiya ilə bağlı gətirilən məhdudiyyətlər və bu şəraitdə vəkilliyin həyata keçirilməsi barədə təqdimatları dinlənilib.
Daha sonra konfrans öz işini müzakirələr formasında davam etdirib.