CƏMİYYƏT
İmişlidə keçirilən tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin əhaliyə izahının zəruriliyi vurğulanıb
![](/files/galleryphoto/2022/2/1200x630/16587505601321421342_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16587505602534833549_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16587505603667450758_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16587505604108157858_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16587505603953832769_1200x630.jpg)
Bakı, 25 iyul, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.6-cı bəndinin icrası ilə əlaqədar, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfıyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil edilib.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Dəyirmi masada Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları və Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin ictimai maarifləndirmə işinin genişləndirilməsi, eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izahı istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb.