İNDONEZİYA AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İndoneziyanın xarici işlər naziri Həsən Virayuda ilə görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, eyni dinə, çox oxşar mədəniyyətə malik olan Azərbaycan ilə İndoneziya arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır. Siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqe tərəfimizdən yüksək qiymətləndirilir.
Milli Məclisin sədri iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamış və bunun üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.
Sonra Oqtay Əsədov parlamentlərarası əlaqələrdən danışmış, yaxın vaxtlarda Azərbaycan Parlamentinin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunacağını vurğulamış, indoneziyalı həmkarını da bu tədbirlərdə görmək istədiyini bildirmişdir.
Həsən Virayuda ətraflı məlumata və xoş sözlərə görə minnətdarlığını bildirmişdir. Qonaq demişdir ki, İndoneziya Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu gün ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. İstərdik ki, iqtisadi sahədə də sıx əməkdaşlıq edək, iş adamlarımız qarşılıqlı sərmayə yatırmaq imkanına malik olsunlar.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.