İndoneziyada Nizam Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Təşkilatının təşkilatçılığı və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) dəstəyi ilə Cakartada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib.
ARM-dən AZƏRTAC-a bildiriblər ki, həm auditoriyada, həm də onlayn formatda keçirilən seminarın açılış mərasimində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, Avrasiya Regional Mərkəzinin Baş direktoru vəzifələrini icra edən Vüsal Qurbanov, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita, İƏT Gənclər Forumunun vitse-prezidenti və İndoneziya Gənclər Forumunun sədri Tantan Taufiq Lubis, İndoneziya Milli Kitabxanasının sədri Muhəmməd Syarif Bando, bu ölkənin vitse-qubernatoru Əhməd Riza Patria, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Asrorun Niam Şölə iştirakçıları salamlayaraq tədbir iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlarda belə tədbirlərin İndoneziya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Plenar müzakirələrdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, 2016-2020-ci illərdə İndoneziyanın Azərbaycanda səfiri olmuş, hazırda Fanani Mərkəzinin sədri Hüsnan Bəy Fanani, İndoneziya Universitetinin ərəb ədəbiyyatı kafedrasının müdiri Bastian Zulyeno və İslam Sənədləşmə Mərkəzinin sədri Hadi Nur Ramadan çıxış edərək Nizami Gəncəvinin əsərlərinin əhəmiyyətindən, onun yaradıcılığının humanist ideyalarının yayılmasındakı rolundan bəhs ediblər.
Tədbirə yüzə yaxın tələbə, alim və ekspert, eləcə də İndoneziyanın aparıcı ictimai qurumlarının nümayəndələri də qatılıblar.
Qeyd edək ki, bu, Avrasiya Regional Mərkəzinin Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirdiyi dördüncü beynəlxalq tədbirdir.