İnformatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, mütəxəssislərin iştirak etdikləri iclasda 2013-cü ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A, C variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılmışdır.
Çıxış edən mütəxəssislər fikirlərini açıqlamışlar.
İş planına müvafiq olaraq dekabrda “İKT sahəsində beynəlxalq test imtahanının - Iskills ETS (ABŞ-ın Təhsil üzrə Test Xidməti - Educational Testing Service) keçirilməsi və müvafiq test tapşırıqlarının hazırlanması təcrübəsinin öyrənilməsi” mövzusu müzakirə olunacaqdır.
Növbəti seminarda 2013-cü ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (B, D variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılacaqdır.