İntellektual oyunlar olimpiadasının Ordubad rayon mərhələsi başa çatıb
Ordubad, 30 mart, AZƏRTAC
Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında keçirilən intellektual oyunlar olimpiadasının Ordubad rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, olimpiada çərçivəsində 4 intellektual oyun - “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları, “İntellektual gənc” bilik yarışması vahid turnir şəklində keçirilib.
Oyunların yekun nəticələrinə görə “İntellektual gənc” bilik yarışmasında birinci yerə Dəstə kənd 1 nömrəli tam orta məktəbin şagirdi Züleyxa Cəfərova, ikinci yerə Aşağı Əylis kənd tam orta məktəbinin şagirdi Zöhrə Məmmədova, üçüncü yerə isə Əndəmic kənd tam orta məktəbinin şagirdi Nəriman Rzayev layiq görülüblər.
“Kim? Nə? Hara?” intellektual oyununda qalib adını Ordubad şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Ramiz Həsənov qazanıb. Nüsnüs kənd tam orta məktəbin şagirdi Süsanə Haqverdiyeva ikinci, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Elçin İsgəndərov üçüncü olublar.
“Vətəni tanı” intellektual oyununda Dəstə kənd tam orta məktəbinin “Qafqaz” komandası bütün rəqiblərini qabaqlayıb. Digər iki pillədə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Kəpəz” və Əndəmic kənd tam orta məktəbin “Dan yeri” komandaları qərarlaşıblar.
“Nuh yurdu” intellektual oyununda isə Ordubad şəhər 1 nömrəli tam orta məktəbin “İstiqlal” komandası birinci yerə layiq görülüb. Aşağı Əylis kənd tam orta məktəbinin “Atəşgah” və Əndəmic kənd tam orta məktəbinin “Sülh” komandaları ikinci və üçüncü olublar.
Qaliblərə təşkilatçıların diplomları, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim edilib. Qalib komandalar may ayında təşkil olunacaq intellektual oyunlar olimpiadasının muxtar respublika birinciliyində Ordubad rayonunu təmsil edəcəklər.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.