“İNTEQRA” NEFT-SERVİS ŞİRKƏTİ AZƏRBAYCANDA NÜMAYƏNDƏLİYİNİ AÇMIŞDIR
“İnteqra” şirkətlər qrupu Azərbaycanda nümayəndəliyinin açıldığını elan etmişdir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin və ticarət nümayəndəliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), Rusiyanın və digər xarici ölkələrin neft-qaz, neft-servis və maşınqayırma şirkətlərinin nümayəndələri iştirak etmişdir.
“İnteqra” şirkətlər qrupunun Azərbaycan bazarında müəyyən iş təcrübəsi vardır. 2006-cı ilədək bu qrupun qazma avadanlığı satışı və layihələrin inteqrasiya edilmiş idarəsi sahəsində mənafelərini sonradan “İnteqra”nın tərkibinə daxil olmuş “Smit Yevraziya” şirkəti təmsil etmişdir. Qrupa daxil olan “Tümenneftgeofizika” şirkəti isə 2007-ci ildə ARDNŞ ilə birgə layihə həyata keçirmişdir. Bu layihənin reallaşdırılması prosesində “Gobustan Oil Operaring Company” şirkəti tərəfindən işlənilən yataqlarda 2D və 3D dəqiq seysmik kəşfiyyat aparılmışdır.
Nümayəndəliyin yaradılmasında məqsəd adıçəkilən biznes qrupun regionda tarazlaşdırılmış inkişafı üçün şərait yaratmaq və bazarı öyrənməkdir.
“İnteqra” şirkətlər qrupunun idarə heyəti sədrinin birinci müavini Mark Sadıxov açılış mərasimində demişdir: “Biz Azərbaycan bazarını neft-servis və maşınqayırma sahələrində əməkdaşlığın bütün mümkün spektri üzrə ən perspektivli bazarlardan biri hesab edirik. ARDNŞ ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa ümid edirik. “İnteqra” qazma və quyuların işlənmə texnologiyaları sahəsində öz fəaliyyətini inkişaf etdirməkdə maraqlıdır”.
M.Sadıxov daha sonra demişdir: “Nəhayət, biz kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlıq etməyə maraq göstəririk. Dünyada neftçi mühəndislər yetişdirən ən qədim “Bakı məktəbi”nin nümayəndələri “İnteqra”da işləyirlər və əminəm ki, kadr sahəsində əməkdaşlıq da həm bizim şirkət üçün, həm də Azərbaycan müəssisələri üçün sərfəli olacaqdır”.
Xatırladaq ki, “İnteqra” şirkətlər qrupu diversifikasiya edilmiş aparıcı müstəqil neft-servis şirkətidir. O, Rusiyanın neft və qaz hasil edilən bütün əsas regionlarında və MDB ölkələrinin əksəriyyətində təmsil olunmuşdur.