İordaniya mətbuatında Xocalı soyqırımı haqqında məqalələr dərc edilmişdir
Əmman, 26 fevral (AZƏRTAC). Fevralın 26-da İordaniya mətbuatında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məqalələr dərc edilmişdir.
Bu ölkənin aparıcı “Əl-Rəy” və “Əl-Ğəd” http://www.alrai.com/article/634085.html http://www.alghad.com/articles/505850
qəzetlərində yer almış “Azərbaycan səfirliyi Xocalı qurbanlarının xatirəsini yad edir” sərlövhəli məqalələrdə səfirliyin Xocalı hadisələrinin 22-ci ildönümü ilə bağlı anma mərasimi öz əksini tapmışdır.
Qeyd olunur ki, Xocalıda baş vermiş qırğın nəticəsində 613 nəfər həlak olmuş, 150 nəfər itkin düşmüşdür. İordaniyada akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin və iordaniyalıların iştirak etdikləri tədbirdə səfir Sabir Ağabəyov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş qırğını soyqırımı kimi qiymətləndirmişdir. Məqalələrdə deyilir: “Səfir Sabir Ağabəyov bütün ölkələri Xocalıda baş verən hadisələri müharibə cinayəti kimi tanımağa, baş verənləri ifşa və pisləməyə çağırmışdır. İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat dünyada işğaldan əziyyət çəkən bütün xalqların ədalətsizlik ilə üzləşdiklərini diqqətə çatdırmışdır. Xocalıda baş verənlərin statistikası, yüzlərlə insanın həlak olması, minlərlə insanın isə didərgin düşməsi, faciəsinin ölçülərini təsəvvür etməyə imkan verir.
Digər çıxışçılar da işğal altında yaşayan və zülm görmüş bütün xalqlar üçün ədalətin bərqərar olunmasının əhəmiyyətini qeyd etmişlər.
Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımı haqqında ingilis dilində hazırlanmış filmi izləmişlər”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman