CƏMİYYƏT
İqlim dəyişiklikləri və sel daşqınları risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi günün ən ümdə məsələsidir
Qəbələ, 16 iyul (AZƏRTAC). İyulun 16-da BMT-nin İnkişaf Proqramının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində Qəbələ rayonunda ikigünlük təlimlərə başlanıldı.
AZƏRTAC xəbər verir ki, sel və daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemlərini gücləndirmək məqsədilə yerli tərəfdaşlar üçün keçirilən təlimin ilk günündə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərsu” ASC-lərin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, eləcə də bir sıra yerli və xarici ekspertlər, layihənin idarə heyəti, zəif dağ icmalarından olan nümayəndələr iştirak etdilər.
Tədbir iştirakçılarına məlumat verildi ki, təlimin məqsədi daşqınlara qarşı erkən xəbərdarlıq sistemləri üzrə təcrübələrin bölüşülməsidir.
BMT İnkişaf Proqramının layihələr üzrə meneceri Məzahir Əfəndiyev bu layihənin əsas məqsədi, onun əhəmiyyəti və gözlənilən əsas nəticələr haqqında iştirakçılara məlumat verdi. Bildirdi ki, Azərbaycan Hökuməti, xüsusilə Fövqəladə Hallar Nazirliyi tərəfindən iqlim dəyişiklikləri, sel daşqınları ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Diqqətə çatdırıldı ki, 2012-ci ildən həyata keçirilən bu layihənin əsas məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihədə, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsi, təşkilati bacarıqların gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə fəal iştirak etmələri üçün maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Məlumat verildi ki, iki ildən çox müddət ərzində 15-20 yerli və beynəlxalq mütəxəssislərlə birgə Böyük Qafqazın cənub ətəyində olan ərazilərdə çöl araşdırma işləri aparılıb.
Daha sonra təlim çərçivəsində daşqınlara qarşı erkən xəbərdarlıq qabiliyyətinin gücləndirilməsi üçün bu sistemin tərkib hissələri olan risklər üzrə bilik, monitorinq və xəbərdarlıq, rabitə və məlumatın ötürülməsi və cavab bacarığı ilə bağlı qrup müzakirələri keçirildi.
Təlim iyulun 17-də davam etdiriləcək.