İqtisadiyyat İnstitutu dünya iqtisadi böhranının Azərbaycana təsirinin neytrallaşdırılması istiqamətində tədqiqatlar aparır
Bakı, 14 aprel, AZƏRTAC
Koronavirus pandemiyası və neftin qiymətinin kəskin aşağı düşməsi dünya iqtisadiyyatını ən dağıdıcı sosial-iqtisadi böhranlardan birinə düçar edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya iqtisadi böhranının ölkəmizə mənfi təsirlərinin azaldılması məqsədilə mühüm qərarlar qəbul edib, həmçinin dövlətimizin başçısının göstərişləri əsasında iqtisadi inkişafın dəstəklənməsi üzrə proqramlar hazırlanıb. Hazırda antiböhran tədbirləri davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun kollektivi də bu vəzifələrin yerinə yetirilməsinə töhfə verməyə çalışır. İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisədə qlobal böhranın Azərbaycan iqtisadiyyatına faktiki və potensial təsirlərinin qiymətləndirilməsi, onun Azərbaycanda makroiqtisadi sabitliyə, o cümlədən maliyyə sektoruna mümkün mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində tədqiqatlar aparılır. Azərbaycan iqtisadiyyatının yaxın illər ərzində üzləşə biləcəyi yeni risklər, ölkədə məcmu tələbin və təklifin dəstəklənməsi, qlobal böhranın Azərbaycanda ictimai rifaha mümkün təsirləri və onların yüngülləşdirilməsi araşdırılır.
Tədqiqatların nəticələri və təkliflər müvafiq hökumət qurumlarına təqdim olunacaq.