İRAN İSLAM ŞURASI MƏCLİSİNƏ SEÇKİLƏRİN İKİNCİ TURU BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 25-də İran İslam Şurası Məclisinə 8-ci çağırış seçkilərinin ikinci turu başa çatmışdır. Yerli vaxtla səhər saat 8.00-da açılan seçki məntəqələri saat 20.00-da bağlanmışdır. Parlamentdəki 290 yerdən boş qalan 80 mandat uğrunda gedən mübarizədə siyasi partiyaların nümayəndələri və bitərəf namizədlər mübarizə aparmışlar.
Dövlət rəsmilərinin verdiyi məlumata görə, seçkilərin nəticəsinə təsir edəcək qanun pozuntusu baş verməmişdir. Seçkilərin təşkili ilə məşğul olan orqanların rəhbərləri dəfələrlə bəyan etmişlər ki, seçkilərin azad və demokratik keçirilməsi üçün bütün imkanlardan istifadə olunmuşdur. Yerli mətbuat orqanları seçki prosesini geniş işıqlandırmışlar.
Ümumiyyətlə, deputat mandatları uğrunda iki siyasi cərəyan arasında mübarizə getmişdir. Mühafizəkarlar kimi tanınan qütbdə əsasən, islam təməyüllü partiyalar birləşmişdir. Bildirilir ki, birinci turda qazanılan mandatların 70 faizinə mühafizəkarlar sahib olmuşlar.
Bir həftə müddətində ikinci turun nəticələri ilə bağlı tam məlumat veriləcəkdir. Mayın 25-dək yeni parlamentin ilk iclasının keçirilməsi gözlənilir. Birinci iclasda müvəqqəti sədr seçiləcək və bir ay müddətində deputatların mandatları ayrı-ayrılıqda təsdiqlənəcək, 10 nəfərdən ibarət rəyasət heyəti, onların arasından sədr, birinci və ikinci müavinlər seçiləcəkdir.
İran tərəfi seçkiləri izləmək üçün xarici ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələr dəvət etməmişdir.