İRAN NÜVƏ SİLAHININ YAYILMAMASI HAQQINDA MÜQAVİLƏDƏN ÇIXMAQLA HƏDƏLƏYİR
Bu hədə İran Məclisi deputatlarının BMT-yə göndərilən məktubunda ifadə edilmişdir. Məktub İranın nüvə proqramına dair qətnamə layihəsinin Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi mühüm iclas ərəfəsində göndərilmişdir.
Bi-Bi-Si-nin müxbiri Tehrandan xəbər verir ki, İranın müqavilədən çıxması Tehran tərəfindən ən ciddi hədə-qorxudur. Bu addım o demək olardı ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri İranın nüvə proqramına nəzarət etmək imkanını itirəcəklər. Bundan başqa, dünya İranın nüvə laboratoriyalarında nə kimi işlər görüldüyündən xəbərsiz olacaqdır.
İran deputatlarının BMT-nin baş katibi Kofi Annana məktubunda deyilir ki, əgər nüvə proqramı ilə bağlı mübahisə dinc yolla həll olunmasa, onda “parlamentin hökumətdən Müqavilədəki imzasını geri götürməyi xahiş etməkdən başqa, ayrı çarəsi qalmayacaqdır”.
Prezident Mahmud Əhmədinejad da bu cür hədə-qorxu gəlmişdir. O demişdir ki, “əgər Nüvə silahının yayılmaması haqqında müqavilə ölkənin hüquqlarını pozursa, o, qüvvəyə malik deyildir”.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr İranın nüvə proqramına dair qətnamənin layihəsi barədə hələlik razılığa gələ bilməmişlər. TŞ üzvü olan 15 ölkənin nümayəndələri İranın nüvə proqramının inkişafına necə münasibət bildirmək barədə diskussiyaları çətin vəziyyətdən çıxarmaq məqsədi ilə Nyu-Yorkda, BMT-nin iqamətgahından uzaq bir yerdə qeyri-formal şəraitdə görüşmüşlər.
“Diskussiyaların konstruktivliyi” barədə diplomatik bəyanatlara baxmayaraq, fikir ayrılıqları hələ də qalmaqdadır.
Başlıca fikir ayrılığı ondan ibarətdir ki, Böyük Britaniya və Fransanın hazırladıqları qətnamə layihəsi qəbul edilən qərarları BMT Nizamnaməsinin 7-ci maddəsinə bağlayır. Bu maddədə isə BMT qərarlarının yerinə yetirilmədiyinə görə sanksiyalar tətbiq edilməsi və hətta güc işlədilməsi nəzərdə tutulur.
Qətnamənin mübahisələr doğuran digər müddəası ondan ibarətdir ki, İranın nüvə proqramı beynəlxalq təhlükəsizliyə qorxu törədir.
Müzakirələr davam etdiriləcək və hər şeydən göründüyü kimi, qətnamənin Fransa-Britaniya layihəsi qəbul olunmayacaqdır.