DÜNYA
İranda Ayətullah Xomeyninin vəfatının ildönümü kütləvi tədbirlərlə qeyd olunur
![İranda Ayətullah Xomeyninin vəfatının ildönümü kütləvi tədbirlərlə qeyd olunur](/files/2022/2/1200x630/1654329872980217928_1200x630.jpg)
Tehran, 4 iyun, AZƏRTAC
Hər il iyunun 4-də İranda İslam inqilabının banisi Ruhulla Xomeyninin vəfatının ildönümü kütləvi tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi televiziya vasitəsilə canlı yayımda çıxış edərək inqilabın tarixindən, İmam Xomeyninin həyatından və siyasi fəaliyyətindən danışıb.
Qeyd edək ki, İran İslam inqilabının banisi Ruhulla Xomeyni 1902-ci ildə anadan olub. Gənc yaşlarında dini təhsil alaraq İranda şah rejiminə qarşı çox ciddi mübarizəyə başlayıb. Bir neçə dəfə həbs olunub. Lakin R.Xomeyninin böyük nüfuz sahibi olması şaha onu uzun müddət həbsdə saxlamaq imkanı verməyib. Siyasi baxışlarına görə R.Xomeyni əvvəlcə İraq, Türkiyə və Fransada siyasi mühacir həyatı yaşayıb. Uzun sürən sürgündən sonra 1979-cu ildə İrana qayıdaraq inqilaba rəhbərlik edən R.Xomeyni Pəhləvi rejimini yıxdıqdan sonra İranın Ali Rəhbəri seçilib.
İranda hakimiyyəti ələ aldıqdan sonra R.Xomeyni İslam dininin əsaslarına uyğun dövlət quraraq Qərb dəyərlərini inkar edib. İranda və regionda geniş dini və siyasi nüfuza malik olan R.Xomeyni 1989-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun dəfn mərasiminə 1 milyondan çox insan qatılıb. İran İslam Respublikası məhz İmam Ruhulla Xomeyninin əsəri kimi qəbul edilir.
Bu gün İranın Tehran, Təbriz, Urmiya, Şiraz, İsfahan və digər böyük şəhərlərində İmam Xomeyni kütləvi tədbirlərlə anılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran