İRANDA ZƏLZƏLƏ
AZƏRTAC-ın Tehrandan aldığı məlumata görə iyulun 3-də axşam İranın şimal-şərq hissəsində, Xorasan əyalətində Rixter cədvəli ilə 5,2 bal gücündə zəlzələ baş vermişdir. Tehran Universiteti nəzdindəki Geofizika İnstitutunun məlumatına görə, zəlzələnin mərkəzi Salehabad şəhəri rayonunda olmuşdur. Tələfat və dağıntılar haqqında hələlik məlumat yoxdur. İran ərazisinin əksər hissəsi seysmik cəhətdən fəal zonada yerləşir. Son 13 ildə burada orta və böyük gücə malik 950-dən çox zəlzələ qeydə alınmışdır ki, bunun da nəticəsində 17 600 nəfər həlak olmuş, 53 mindən çox adam yaralanmışdır.