ELM VƏ TƏHSİL
İrpendə akademik Zərifə Əliyeva adına “Linqvist” liseyinə Azərbaycan dili fənni üçün dərsliklər verilib VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/17001238164596916468_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001238163111430865_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001238164359213295_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001247223248757181_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001238165172422760_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001238165636849816_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001238161281139447_1200x630.jpg)
Kiyev, 16 noyabr, AZƏRTAC
Azərbaycan dövləti İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına 12 nömrəli “Linqvist” liseyinin Azərbaycan dili fənni üçün dərsliklər, köməkçi ədəbiyyatlar hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, İrpen merinin birinci müavini Andrey Kravçuk və meriyanın digər rəsmi şəxsləri liseyə gələrək Azərbaycan dili fənninin tədrisi ilə tanış olublar.
Liseyin şagirdləri səfiri Azərbaycan dilində salamlayıb və təşəkkürlərini bildiriblər.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində müharibə zamanı ziyan görmüş lisey ölkəmiz tərəfindən əsaslı təmir edilib. Bu gün isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin göndərdiyi dərsliklər və köməkçi ədəbiyyatları liseyə təqdim edilir. Buraya Azərbaycan dilinin fəal öyrənilməsinə dəstək və təşviq kimi liseyin şagirdləri üçün dərsliklər, həmçinin müəllimlər üçün metodik ədəbiyyat daxildir.
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmiz İrpen şəhərinə hər zaman dəstək göstərir və bu dəstək davam etdiriləcək. İrpen ukraynalılarla yanaşı, azərbaycanlıların da doğma şəhəridir. Burada akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçə, orta məktəb və park var. İrpen Azərbaycan və Ukrayna xalqlarının dostluq körpüsüdür”, - deyə diplomat vurğulayıb.
Daim diqqət göstərdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən İrpen merinin birinci müavini Andrey Kravçuk söyləyib ki, müharibə başlayandan sonra Azərbaycan Ukraynaya və İrpenə etibarlı dəstək verən ilk ölkələrdən biri olub. Xüsusən də məhz SOCAR şirkəti Azərbaycan hökumətinin yardımı ilə liseyin bərpasına kömək göstərib. Azərbaycan İrpen şəhərinin yenidən qurulmasında fəal iştirakını davam etdirir. Lisey Ukraynada Azərbaycan dilinin tədris olunduğu ilk təhsil müəssisəsidir.
“Biz bir daha əmin olduq ki, Azərbaycan dövləti bizim etibarlı dostumuz və tərəfdaşımızdır”, - deyə liseyin direktoru Valentina Antonenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev