MƏDƏNİYYƏT
“İRS-Naslediye” jurnalı 10 illik yubileyini qeyd edir
Bakı, 5 mart (AZƏRTAC). Moskvada nəşr olunan “İRS-Naslediye” jurnalı 10 illik yubileyini qeyd edir. Nəşrin redaktoru Musa Mərcanlı jurnalın bu nömrəsində dərc edilmiş məqaləsində ötən dövr ərzində görülən işlərə yekun vurmuşdur.
M.Mərcanlı yazır: ”Bu gün jurnalımızın 10 illik mütəmadi nəşrini, habelə 55-ci nömrəsinin işıq üzü görməsini qeyd edirik”. Baş redaktor daha sonra yazır ki, ötən illər ərzində xeyli iş görülmüş, 600-dən çox elmi-populyar məqalə dərc olunmuşdur. Ümummilli problemimiz - Dağlıq Qarabağ münaqişəsi daim diqqət mərkəzindədir. Jurnal xüsusi buraxılışlar və geniş məqalələr vasitəsilə dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ probleminə cəlb edir.
Jurnalın artıq 3 ildir ki, ingilis dilində çıxan “IRS-Heritage” versiyası dünyanın 70 ölkəsində yayılır. Jurnal ötən ildən Argentina, Çexiya, İtaliya və Fransada yerli dillərdə nəşr olunur. M.Mərcanlı vurğulamışdır ki, bu ildən jurnal daha 5 ölkədə oxuculara yerli dildə təqdim ediləcəkdir. Deməli, daha milyonlarla oxucu Azərbaycan həqiqətləri ilə tanış ola biləcəkdir. “Facebook” və “Twitter” sosial şəbəkələrində jurnalın daim müzakirə mövzusu olması çox xoşdur. Bu, göstərir ki, biz əbəs yerə işləmirik. “IRS” bundan sonra da Azərbaycanın sərhədlərindən kənarda ölkəmizi təbliğ edəcəkdir.”
Baş redaktorun sözlərinə görə, jurnalın 10 il ərzində nəşr edilməsi əlamətdar hadisədir. Nəşrin kollektivi yubileyi oxucuları ilə birlikdə 2012-ci ilboyu qeyd etmək niyyətindədir.
Ənənəyə görə, jurnalın fevral nömrəsində Xocalı soyqırımı mövzusuna xüsusi yer ayrılmışdır. MDU-nun Postsovet Tədqiqatları Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayevin “Xocalı faciəsi: müasir siyasət kontekstində təhlil” məqaləsində Azərbaycan xalqının bu faciəsinin mənəvi-etik və hüquqi cəhətlərindən bəhs edilir. Bundan əlavə, jurnalda “Dünya KİV-ləri Xocalı faciəsi haqqında”, “Xəzər suları altında tarix”, “Genetika və xalqların mənşəyi” və digər materiallar təqdim edilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva