İşğal altında olan rayonların fəal gənclərinin iştirakı ilə videokonfrans keçirilib
Ağdam, 31 iyul, AZƏRTAC
Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Xocalı, Xocavənd, Qubadlı, Kəlbəcər, Şuşa və Zəngilan rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə “Gənclər Qarabağ üçün bir arada” mövzusunda videokonfrans keçirilib. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi yol və digər mühüm məsələlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, son zamanlar baş verən hadisələrə gənclərin münasibətini öyrənmək məqsədilə keçirilən tədbirə işğal altında olan rayonlardan 112 fəal gənc qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi yad edilib. Sonra gənclər və idman idarələrinin rəisləri ölkəmizdə gənclərlə iş sahəsində aparılan siyasət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması, dövlətin ordu quruculuğu ilə bağlı gördüyü işlər, gənclərin vətənpərvər ruhda tərbiyəsinin vacibliyi barədə çıxışlar edib, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilib.