REGİONLAR
İşğaldan azad edilmiş ərazilərdə tullantı poliqonlarının yeri müəyyənləşib
![İşğaldan azad edilmiş ərazilərdə tullantı poliqonlarının yeri müəyyənləşib](/files/2023/1/1200x630/16770689071081950747_1200x630.jpg)
Laçın, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə tullantıların yerləşdirilməsi məqsədilə 9 rayonda - Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli (Füzuli rayonu və Hadrut qəsəbəsi üçün), Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcərdə poliqon əraziləri müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Laçın şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında “Təmiz şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev məlumat verib.
Onun sözlərinə görə, Laçın rayonunda əmələ gələn tullantıların yerləşdirilməsi üçün Laçın şəhərindən 11,5 kilometr məsafədə, Laçın-Zabux avtomobil yolunun sağ tərəfində yerləşən Zabux qəsəbəsi ərazisində 10 hektar ərazi uyğun hesab edilib.
Səbuhi Babayev bildirib ki, Xocalı və Zəngilan rayonlarındakı poliqonlara ofis tipli konteynerlər yerləşdirilib. Mərhələli şəkildə digər poliqonlarda da konteynerlər quraşdırılacaq.
“Torpaqların ayrılması ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunub və Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Tərtər rayonlarında torpaq sahələrinin “Təmiz Şəhər” ASC-nin istifadəsinə keçməsi barədə sərəncam verilib. Xocalı, Füzuli, Ağdam, Cəbrayıl rayonlarında da torpaq sahələrinin “Təmiz Şəhər”in istifadəsinə verilməsi barədə iş gedir. Ümumiyyətlə, Zəngilan, Xocalı, Ağdam, Tərtər, Qubadlı, Füzuli və Cəbrayıl rayonları üzrə ayrılmış poliqon əraziləri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Laçın rayonundakı poliqon ərazisinin ANAMA tərəfindən fevral ayının sonuna kimi, Kəlbəcər rayonundakı poliqon ərazisinin isə Müdafiə Nazirliyi tərəfindən may ayının sonuna kimi mina və partlamamış hərbi sursatlardan təmizlənməsi planlaşdırılır”, - deyə o əlavə edib.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri, həmçinin bildirib ki, Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınmasına dair müqavilə imzalanıb. Artıq müqavilənin icrasına başlanılıb, nümunə olaraq yeraltı konteynerlər təqdim edilib. Hazırda “Şuşa istismar təmizlik sahəsi”ndə 14 nəfər işlə təmin olunub. 2022-ci ildə 5475 kubmetr tullantı müvəqqəti poliqon ərazisinə daşınıb.