CƏMİYYƏT
“İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirilib
Bakı, 7 may, AZƏRTAC
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açılış nitqində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı aparılan örnək mübarizədən, həmçinin dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışının QHT-lərin üzərinə qoyduğu vəzifələr haqqında danışıb. Azay Quliyev bildirib ki, bu gün neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın tam təmini üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti gücləndirməlidir. Şura sədri onu da vurğulayıb ki, son günlər bir sıra rayon icra hakimiyyəti başçılarının həbsi bir daha onu sübut edir ki, dövlətimizin başçısının korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə sistemli və ardıcıl xarakter daşıyır və bu çətin mübarizədə ictimai sektor dövlət başçısını birmənalı və qətiyyətlə dəstəkləyir.
Azay Quliyev dövlət başçısının çağırışına dəstək olaraq QHT Şurası ilə AzTV-nin birgə layihəsi kimi həftəlik “İctimai nəzarət” adlı televiziya verilişinin hazırlanması və tamaşaçılara təqdim olunması haqqında qurumun rəhbəri Rövşən Məmmədovla razılıq əldə olunduğunu da diqqətə çatdırıb.
Sonra konfransın əsas məruzəçiləri olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda məruzə ilə çıxış ediblər.
Onlayn konfransda AzTV- dən Faiq Hüsiyev, REAL TV- dən isə Lalə Nurəddinqızı çıxış edərək təmsil etdikləri televiziya şirkətlərinin Şura ilə hərtərəfli əməkdaşlığa, müxtəlif mövzuda birgə layihələrin icrasına, ictimai nəzarətin təşkilinə hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildiriblər.
Konfransda Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısının alınması, 200 min ailəyə ərzaq yardımının edilməsi, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının təşkili istiqamətində və ümummilli həmrəyliyin gücləndirilməsindəki töhfələrinə görə QHT sektoru adından təşəkkür bildirilib.
Təşəkkür məktubunun mətnini Milli QHT Forumunun sədri Rauf Zeyni konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra QHT rəhbərlərinin iştirakı ilə müzakirələr davam etdirilib və səslənən təkliflər əsasında iş planın hazırlanması haqqında razılıq əldə olunub.