İSLAM BƏŞƏRİ DƏYƏRLƏRƏ YİYƏLƏNMİŞ DİNDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 15-də Strasburqda Avropa Şurası Parlament Assambleyası yaz sessiyasının “Avropada müsəlman icmalarının ekstremizmə məruz qalmaları” məsələsinin müzakirəsi ilə növbəti iş günü başlanmışdır.
Bu məsələ ilə bağlı məruzə ilə çıxış edən portuqaliyalı deputat Joao Bosko Mota Amaral İslamın bəşəri dəyərlərə yiyələnmiş din olduğunu diqqətə çatdırmış, son zamanlar Avropanın bir sıra ölkələrində bu dinin təhqir edilməsi ilə bağlı göstərilən təşəbbüsləri qətiyyətlə pisləmiş, Niderland parlamentinin deputatı G.Vildersin ssenarisi əsasında çəkilmiş 15 dəqiqəlik filmin Avropanın demokratik dəyərləri üçün ciddi təhlükə törətdiyini xatırlatmış, onun dinlərarası münaqişə yaratmağa xidmət etdiyini vurğulamışdır.
Məruzəçi Avropa ölkələrində müsəlmanlara qarşı hər hansı təzyiqlər göstərilməsi hallarını pisləmiş, İslamın orta məktəblərdə steorotip formalardan və antiqonist ziddiyyətlərdən uzaq şəkildə tədrisinin vacibliyini qeyd etmiş, qitədəki müsəlmanların Avropa dəyərlərinə inteqrasiyasına şərait yaradılmasının mühüm əhəmiyyət daşıdığı bildirmişdir.
Məruzə ətrafında müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə İslamın dünyanın üç ən böyük dinindən biri olduğunu diqqətə çatdırmış, bu dinin dünya mədəniyyəti və sivilizasiyasının zənginləşməsinə mühüm töhfələr verdiyini qeyd etmişdir. Deputat dünya əhalisinin milyard yarımdan çoxunu öz ətrafında birləşdirən İslam dininin yarandığı gündən bəşəri ideyalar, insanlara dünyanı dərk etmək, onlarda mərhəmət hissi aşılamaq kimi prinsipləri təbliğ etdiyini göstərmişdir, İslamın yalnız Asiya və Afrika ölkələrində deyil, eyni zamanda digər qitələrdə də özünə çoxlu tərəfdarlar tapdığını xatırlatmışdır. Ən əsas məsələ ondan ibarətdir ki, İslam əsrlər keçməsinə baxmayaraq müasir bir din olduğunu həmişə təsdiq edə bilmişdir.
A.Mirzəzadə bəzi hallarda İslama qarşı hücumlar olmasını, ona ekstremizm donu geyindirməyə cəhd göstərilməsini təəssüf hissi ilə qeyd etmişdir. Deputat bildirmişdir ki, ayrı-ayrı dini ekstremizm hallarını İslamla eyniləşdirmək düzgün deyildir. Bu halda digər dinlərdə də müəyyən sektalara görə həmin dinə qiymət vermək cəhdləri ola bilər. Bu gün İslamın özü həmin ekstremist sektalara qarşı mübarizə aparır. Bəzi ziyalı təbəqələrin dinlərarası təfriqə salmağa çalışmaları dözülməz haldır və buna qarşı ciddi mübarizə aparılmalıdır.
İslama qarşı mübarizənin arxasında başqa qüvvələrin durduğunu, son 60 ildən artıq dövrdə dünya müharibəsinin, böyük siyasi, iqtisadi və hərbi böhranların olmadığını qeyd edən deputat ekstremistlərin dinc dayanmadıqlarını vurğulamış, İraqda dini zəmində baş verən münaqişənin məhz bu qüvvələr tərəfindən qızışdırıldığını xatırlatmışdır. Bu baxımdan dini dözümsüzlük hər hansı bir cəmiyyətin böyük qüsuru sayıla bilər. Heç də təsadüfi deyildir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ölkəmizin Dağlıq Qarabağ bölgəsində azərbaycanlılarla ermənilərin guya dini uyğunsuzluq nəticəsində birgə yaşaya bilməməsi tezisini bir bəhanə kimi irəli sürür. Bu isə öz növbəsində açıq-aşkar dini ekstremizm, başqa xalqa nifrət fəlsəfəsindən irəli gələn hisslərdir.
Aydın Mirzəzadə müəyyən məqamlarda dinlərin biri-birinə oxşarlığını qeyd etmiş, onları biri-birinə qarşı qoymaq cəhdlərini pisləmiş və belə vəziyyəti dünyanı fəlakətə sürükləmək cəhdi kimi qiymətləndirmiş, Azərbaycanın həmişə bu fəlakətin qarşısını almağın tərəfdarı olduğunu xüsusi vurğulamışdır.
Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanmışdır.
Almaniyanın federal kansleri xanım Angela Merkel sessiyadakı çıxışında dünyada baş verən hadisələrə ölkəsinin münasibətini bildirmiş, qlobal məsələlərin həllində təmsil etdiyi dövlətin tutduğu mövqedən söhbət açmış, demokratik təsisatlatın fəaliyyəti, siyasi və iqtisadi problemlər və onların tənzimlənməsi sahəsində görülən işlər barədə danışmış, deputatların suallarını cavablandırmışdır.