İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mütəxəssis və tələbələri Azərbaycanda təhsil ala bilərlər
Bakı, 21 sentyabr (AZƏRTAC). Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini, səfir Əbdül Moiz Buxari ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfir ötən il “Bakutel-2011” sərgisi çərçivəsində İƏT-in Elm, Texnologiya Komitəsinin (COMSTECH) Bakıda keçirilən iclasını yüksək qiymətləndirmiş və Azərbaycanın İƏT-in Elm, Texnologiya, İnnovasiya Təşkilatına (STİO) üzv olmasının gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacağını vurğulamışdır. Son illər ölkəmizdə elm, texnologiya, innovasiya sahəsində görülmüş işləri yüksək dəyərləndirən Ə.M.Buxari bu işlərin islam aləmində də təqdir olundugunu, həmin ölkələrin Azərbaycanı regionun mərkəzi kimi gördüyünü diqqətə çatdırmışdır.
Baş katibin müavini ölkəmizin təhsil müəssisələrində İƏT-ə üzv ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün təşviq olunduğunu bildirmişdir.
Səfir Ə.M.Buxarinin Azərbaycana təkrar səfərindən məmnunluğunu ifadə edən nazir Əli Abbasov hazırda Azərbaycanın STİO-ya üzv olması üçün müvafiq hazırlıq işlərinin aparıldığını və daxili prosedurlar başa çatdıqdan sonra bu barədə yekun qərarın veriləcəyini bildirmişdir. Nazir qeyd etmişdir ki, Azərbaycanın informasiya-kommunikasıya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün müvafiq işlərə başlanacaqdır.
Cari ilin dekabrında COMSTECH-in zirvə toplantısının Pakistanda keçiriləcəyini vurğulayan səfir Azərbaycan tərəfinin növbəti illərdə İƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə elm və texnologiyaya həsr olunmuş tədbirinin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etməsini təklif etmişdir.
Nazir BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun nazirlər toplantısına və “Bakutel” sərgi-konfransına İƏT-in rəhbərliyini dəvət etmişdir.