DÜNYA
İslam İnkişaf Bankı: Pandemiya nəticəsində dünyada 1,5 milyard insan yoxsul vəziyyətə düşüb
![İslam İnkişaf Bankı: Pandemiya nəticəsində dünyada 1,5 milyard insan yoxsul vəziyyətə düşüb](/files/2022/2/1200x630/16542671623410814594_1200x630.jpg)
Qahirə, 3 iyun, AZƏRTAC
Misirin Şarm əl-Şeyx kurort şəhərində İslam İnkişaf Bankının təşkilatçılığı ilə 16-cı Dünya Bank Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sosial innovasiya və sosial sahibkarlıq yolu ilə yoxsulluğun azaldılması” mövzusunda keçirilən tədbirdə çıxış edən İslam İnkişaf Bankının prezidenti Muhamməd Əl-Casir COVID-19 pandemiyası nəticəsində dünyada yoxsulluğun və qeyri-bərabərliyin səviyyəsinin artdığını bildirib. Onun sözlərinə görə, iki ilə yaxın müddətdə 1,5 milyard insan yoxsul vəziyyətə düşüb. M.Əl-Casir əlavə edib ki, İslam İnkişaf Bankına üzv olan hər üç dövlətdən biri ağır iqtisadi və sosial problemlərlə üzləşib. “Bu cür çətin vəziyyətdə biz səylərimizi daha da artırmışıq və üzv ölkələrin hökumətləri ilə Oksford Təşəbbüsü çərçivəsində yeni layihələr həyata keçiririk”, - deyə bankın rəhbəri vurğulayıb.
Forumda çıxış edən İslam İnkişaf Bankının fəaliyyətdə olan baş direktoru Sami Əl-Süvaylem bildirib ki, İslam ölkələrinin ən güclü maliyyə qurumu üzv ölkələrdə yoxsulluğun azaldılması istiqamətində müxtəlif layihələri maliyyələşdirir. Prosesin uğurla davam etməsinin əsas şərtləri sosial innovasiya və sosial məsuliyyətdir.
Tədbirin sonunda üzv ölkələrin maliyyə qurumlarının təmsilçilərinin iştirakı ilə treninqlər keçirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə