İsmayıllı rayonunda ov tüfəngindən atəş açaraq qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 8 may, AZƏRTAC
Mayın 7-də saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib.
İsmayıllı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova üç dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Ş.Əzimov Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.