İsmayıllı rayonunda yol polisi əməkdaşları avtomobildə qanunsuz odlu silah aşkarlayıblar
Bakı, 30 yanvar, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon sakini olan sürücü İsmayıl Hacıyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “Saxla!” əmri verilib. Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb.
Araşdırma zamanı “TOZ-63” markalı həmin odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub. İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Həmçinin rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.