İsmayıllıda inzibati ərazi nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib
İsmayıllı, 29 aprel, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyəti inzibati ərazi nümayəndələrinin iştirakı ilə videokonfrans keçirib. Videokonfransda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan karantin rejimi ilə əlaqədar qaydaların icrasına nəzarət, yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət, baramaçılıq və tütünçülük təsərrüfatlarının qurulması üçün sahibkarlara dəstək və sair məsələlər müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə bəşəriyyət üçün böyük bəlaya çevrilən koronavirus pandemiyasına qarşı respublikamızda aparılan mübarizə tədbirlərindən, tətbiq olunan karantin rejimi şəraitində həyata keçirilən sosial layihələrdən danışıb. Vurğulanıb ki, ölkə başçısının “ Biz birlikdə güclüyük” kəlamına qoşulan ismayıllılar tənha ahıl insanların, aztəminatlı ailələrin ərzaq təminatında fəal iştirak edirlər. İndiyədək 3 mindən çox ailəyə ərzaq bağlaması paylanıb. Rayon icra hakimiyyətinin təşkilatçılığı, imkanlı xeyirxah insanların təşəbbüsü, gənc könüllülərin iştirakı ilə ərzaq yardımı mütəmadi surətdə davam etdirilir.
Videokonfransda, habelə karantin rejimi müddətində rayonun bəzi vəzifəli və məsul şəxsləri tərəfindən ciddi nöqsanlara yol verildiyi bildirilib. Bu cür şəxslərin xalq və dövlət qarşısında tam məsuliyyətləri ilə cavab verməli olacaqları söylənilib.
Videokonfransda inzibati ərazilərdə vətəndaşlarla yaxın ünsiyyətdə olmaq, onlarla düzgün iş qurmaq, qayğı və problemləri ilə yaxından maraqlanmaq və lazımi köməklik göstərmək barədə tapşırıqlar verilib.
Videokonfransda təsərrüfat işlərinin gedişi ətraflı müzakirə olunub, əhali arasında baramaçılıq və tütünçülük təsərrüfatlarının təbliğ edilməsi, bu istiqamətlərdə təsərrüfatların qurulması üçün lazımi dəstəyin göstərilməsi istiqamətində tövsiyə və tapşırıqlar verilib.