İsmayıllıda kümçülərə 180 qutu ipəkqurdu toxumu paylanıb
İsmayıllı, 8 may, AZƏRTAC
İsmayıllıda rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra hakimiyyətinin təşkilatçılığı ilə 29 inzibati ərazi dairəsində 51 kümçüyə 180 qutu ipəkqurdu toxumu paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baramaçılığın inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı, dövlətimizin başçısının bu sahənin inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar İsmayıllıda cəmi bir aylıq zəhmət tələb edən bu gəlirli sahəyə diqqəti artırıb. Təsadüfi deyil ki, kümçülər cari ildə ötən ildəkindən 30 qutu çox ipəkqurdu toxumu götürüblər.
Qeyd edək ki, rayonda 2019-cu ildə 150 qutudan 4 ton 205 kiloqram barama istehsal olunub. Cari ildə isə 7 tondan çox məhsul götürüləcəyi proqnozlaşdırılır. Rayonda artıq xeyli təcrübəli kümçü, kifayət qədər yem bazası var.
Son illərdə İsmayıllıda 37 min tut tingi əkilib ki, bu da kümçülərə ipəkqurdlarının normal bəslənilməsinə imkan verir.