İsrailin “Birinci radio” kanalında Azərbaycanın Xocalı şəhərindəki qanlı hadisələrdən danışılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). İsrailin “Birinci radio” kanalının ölkə vətəndaşları arasında populyar olan “Günün detalları” verilişində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı sərh olunmuşdur.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından (“Azİz”) AZƏRTAC-a bildirmişlər ki, Azİz-in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut tanınmış radioaparıcı Mark Kriçevskinin Azərbaycanın Xocalı şəhərində kütləvi qırğının tarixi və səbəbləri barədə sualına cavabında demişdir: “22 il əvvəl o müdhiş fevral gecəsində erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətmişlər”.
A.Qut demişdir: “Misli görünməmiş vəhşiliklə törədilmiş bu kütləvi qırğın XX əsrin ən qanlı faciələrindən biri olmuşdur. Bu qəddar və amansız qətliam Azərbaycanın ürəyində sağalmaz yaradır. Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalı cəmi bir gecədə dağıdılmış və yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış xocalılılara aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı qüvvələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir düşmüş, ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu, əsl soyqırımı, insanlıqdan kənar həqiqi kütləvi qırğın idi. Xocalıda qətlə yetirilən 613 adamın 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır”.
A.Qut radioaparıcının həmin qanlı faciənin günahkarları barədə sualına cavab verərək vurğulamışdır: faktlar təsdiq edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsi onların hamısını yalnız bir səbəbdən - azərbaycanlı olmaları səbəbindən kütləvi şəkildə məhv etmək məqsədi daşımışdır. A.Qut demişdir: “Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti dəfə ələ keçirilməsi və burada etnik təmizləmə aparılması, tükürpədici qəddarlıq qarşısında qorxu və vahimə yaratmaq üçün mərhələ kimi seçilmişdir. Görün, Qarabağ separatçılarının o vaxtkı hərbi rəhbəri, hazırda Ermənistan Prezidenti Serj Sarkisyan Xocalıda qanlı hadisələr barədə nə demişdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bunu edə bildik, biz o stereotipi sındırdıq”. Bu, dinc vətəndaşların kütləvi qətlinin qəsdən törədilməsinin açıq şəkildə etirafıdır”.
İsrail eksperti demişdir: “Bu, əsl faşizm və Azərbaycan xalqına qarşı barbarlığın təzahürü idi. Dünya insanlığa sığmayan bu vəhşilikdən xəbər tutmalıdır. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda yüksək vəzifə tutan adamlar - Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.