“İşsizin DOSTu” proqramı çərçivəsində 16 minədək işsiz ödənişli ictimai işlərə cəlb olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramı bu ilin əvvəllərindən başlayaraq icra edilməyə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri “DOST İş Mərkəzi”nin direktoru Niyazi Rəhimov proqramın icrasına dair keçirdiyi mətbuat konfransında söyləyib.
Onun verdiyi məlumata görə, “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir. Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara, o cümlədən əlil, məcburi köçkün və şəhid ailəsi üzvlərinə daha çox üstünlük verilir. “Məşğulluq haqqında” Qanuna əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır.
Mətbuat konfransında jurnalistlərə məlumat verilib ki, proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə bağlanılan əmək müqaviləsi nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. İşin belə təşkili həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmağa imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əməkhaqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək.
“DOST İş Mərkəzi”nin direktoru onu da qeyd edib ki, “İşsizin DOSTu” proqramının icrası üçün nəzərdə tutulmuş vəsait bu il 30 minədək işaxtaran və ya işsiz kimi qeydiyyatda olanları ödənişli ictimai işlərə cəlb olunmasına imkan yaradıb. Yanvar ayında 16 minədək işsiz vətəndaş həmin işlərə cəlb olunub. Proqram növbəti aylarda da davam etdiriləcək.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilib.