İstanbulda azərbaycanlı rəssamın əsərləri sərgilənir
İstanbul, 7 mart, AZƏRTAC
Azərbaycanın Xalq rəssamı, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və akademiyanın ölkəmizdəki nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin İstanbulda fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, İstanbulun ən böyük rayonlarından biri olan Üsküdar Bələdiyyəsinin hazırladığı layihə əsasında martın 6-da “Galeri Nev- Nevmekan Sahil” qalereyasında açılan və rəssam Arif Əzizin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlərin nümayiş olunduğu “Ağ körpü” adlı sərgidə Türkiyə ictimaiyyəti, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər, Azərbaycan diasporunun fəalları, media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Üsküdar Bələdiyyəsinin sədri Hilmi Türkmən İstanbulun tarixi bölgələrindən birində dünya miqyasında tanınan rəssamın sərgisinin açılışını etməkdən məmnunluğunu ifadə edib. “Çox dəyərli sənətkarımız Arif Əzizin həyatını, sənətkar kimi dünyaya baxışını öyrəndikcə və əsərləri ilə tanış olduqca vətəndaşlarımızın da bizim kimi bu əsərlərdən böyük zövq alacağına inanırıq. “Ağ körpü” sərgisi bizim dünya ilə əlaqələrimizi yaradacaq, gücləndirəcək, inkişaf etdirəcək və bizi sənətə daha çox bağlayacaq”, - deyə sözlərinə davam edən bələdiyyə sədri görkəmli fırça ustasının sərgisinin Türkiyənin bütün guşələrindəki sənətsevərlərin və bölgəyə gələn əcnəbi turistlərin marağına səbəb olacağına inandığını vurğulayıb.
Professor Arif Əziz tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirərək sərginin adı ilə bağlı fikirlərini bölüşüb: “60 illik yaradıcılıq həyatımda “ağ rəng” həmişə əsərlərimin əsas simvolu olub. Bu rəng vasitəsilə əsərlərimdəki sülh, dostluq, qardaşlıq, əmin-amanlıq, insan haqları, əməyə hörmət kimi bəşəri məsələləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. İki qitədə yerləşən İstanbuldakı növbəti sərgimdə də dünyaya “ağ” rəng vasitəsilə daha dərin mesajlar verdiyimə inanıram. Türk sənətsevərlər mənim əsərlərimə əvvəldən də bələd olduqlarına görə, onlarla “dil tapmağımın” bu dəfə daha asan olduğuna inanıram”.
Qeyd edək ki, sərgi aprelin 12-dək davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul