İstanbulda möhtəşəm konsert – “Azərbaycana musiqi şöləni!”
İstanbul, 26 aprel, AZƏRTAC
Azərbaycan Mədəniyyət Nazirliyinin İstanbul nümayəndəliyinin təşkilatçılığı ilə SSRİ Xalq Artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsertdə konsertmeyster Nərgiz Əliyevanın müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Xalq Artisti Samir Cəfərov, Əməkdar Artist Afaq Abbasovanın ifaları dinlənilib. “Azərbaycana musiqi şöləni!” şüarı ilə keçirilən konsert musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
İstanbulun Beyoğlundakı “Grand Pera Cercle d’Orient” salonunda keçirilən konsertdən əvvəl tamaşaçılar qarşısında çıxış edən Mədəniyyət Nazirliyinin İstanbul nümayəndəliyinin rəhbəri Nurlana Çakmak bildirib ki, konsert Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətləri olan, dünya şöhrətli bəstəkar Qara Qarayevin yüz illik yubileyinin qeyd olunması ilə bağlı Prezident Sərəncamı çərçivəsində görülən işlərin tərkib hissəsidir. Məlumat verilib ki, aprelin 28-də və mayın 2-də daha iki konsert proqramı təşkil olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul