İstanbulda Novruz şənliyi keçirilib
İstanbul, 26 mart, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Novruz bayramına həsr olunan növbəti mərasim Türkiyənin İstanbul şəhərində keçirilib. İstanbulun Bayrampaşa rayon bələdiyyəsi və “Türk Ocaqları” təşkilatı mərasimin təşkilinə dəstək veriblər.
AZƏRTAC xəbər verir ki, mərasimin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bayrampaşa rayon bələdiyyəsinin sədri Atila Aydıner, “Türk Ocaqları”nın İstanbul rəhbəri Cezmi Bayram çıxış ediblər.
Çıxışlarda birlik və oyanış bayramı olan Novruzun türkdilli xalqların həyatındakı rolundan danışılıb. Diqqətə çatdırılıb ki, əsrlərin yadigarı olan bu bayramın ənənələri xalqlarımız tərəfindən sevilə-sevilə qorunaraq nəsildən-nəslə ötürülür.
Mərasim türk dünyasının ayrı-ayrı məkanlarından gəlmiş musiqi qruplarının çıxışı ilə davam etdirilib.
Azərbaycanı konsert proqramında ”Şərur” xalq yallı və “Halay” folklor ansamblları təmsil edib.
Sonda TÜRKSOY adından Novruz hədiyyələri və mükafatlar verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul