İstanbulda XXI Avrasiya İqtisadi Zirvə toplantısı başa çatıb
İstanbul, 12 aprel, AZƏRTAC
Aprelin 11-də Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda işə başlayan XXI Avrasiya İqtisadi Zirvə toplantısı başa çatıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən Zirvə toplantısı rəsmi hissi və 6 paneldən ibarət olub. Tədbirdə bir sıra ölkələrdən hazırkı və keçmiş dövlət və hökumət başçıları, eləcə də Azərbaycan və Türkiyədən rəsmi şəxslər, həmçinin nazirlər, səfirlər, tanınmış alimlər, QHT və KİV rəhbərləri iştirakı ediblər.
“Ağıllı şəhərlər”, “alimlər, siyasətçilər, dini liderlər gənclərlə bir yerdə”, “bərabərlik mədəniyyətinə təsirlər və qadınlar”, “müasir dövrün texnologiya siyasəti” və s. mövzularda keçirilən panellərdə müasir dünyanın aktual problemləri müzakirə olunub.
Sonuncu paneldə hazırkı və sabiq dövlət və hökumət başçıları müasir dövrdə texnologiyaların insan cəmiyyətindəki yeri və rolunu müzakirə ediblər. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin sədrliyi ilə keçirilən bu paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Makedoniya Respublikasının Prezidenti George İvanov, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda texnologiyaların sürətlə inkişafının insan cəmiyyəti üçün yaratdığı faydalı və zərərli cəhətlər təhlil olunub. Təəssüflə ifadə olunub ki, texnologiyaların sürətli inkişafı bir sıra müsbət cəhətləri ilə faydalı olduğu kimi işsizlik, insan sağlamlığına zərər gətirən cəhətləri ilə də mövcuddur. Texnologiyaların inkişafı sülhə, əmin-amanlığa, ölkələr arasında dostluğa və əməkdaşlığa, insanların rahat həyatının yüksəlişinə xidmət etməlidir. Ən pis hal texnologiyalardan siyasi təhdidlər üçün istifadə edilməsidir.
AZƏRTAC Zirvə toplantısına informasiya dəstəyi verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul