İstehlakçıların təbii qazla təminatında fasilələrin yaranmaması üçün aşkarlanmış qaz sızmaları ləğv olunur
Bakı, 1 may, AZƏRTAC
İstehlakçıların təbii qazla təminatında fasilələrin yaranmaması üçün aşkarlanmış qaz sızmaları ləğv edilir.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar sosial izolyasiya tədbirləri davam etdiyi bir zamanda birlik fəaliyyətində fasilələrə yol verməyib. Bakı şəhəri və bölgələrdə olan xidmət sahələri ilə mütəmadi olaraq onlayn ünsiyyət yaradılır. Növbəti dəfə baş tutan videobağlantıda qaz itkilərinə yol verilməməsi və qaz sızmaları zamanı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə ilin birinci rübündə görülən işlərə diqqət ayrılıb.
Podratçı təşkilat “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının ləğv edilməsi istiqamətində görülən işlər də nəzərdən keçirilib. “Azəriqaz”ın baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, birliyin Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi, Texniki baxış və qaynaqçıların idarə edilməsi şöbələri, o cümlədən Bakı və regionlar üzrə tabeli təşkilatların rəhbər işçilərinin iştirakı ilə keçirilən videokonfransda aşkar olunmuş çatışmazlıqların yaranma səbəbləri müzakirə edilib və gələcəkdə belə halların baş verməməsi üçün görüləcək işlərə toxunulub. Birliyin aidiyyəti strukturlarına tapşırılıb ki, istehlakçıların təbii qazla təminatında fasilələrin yaranmaması üçün aşkarlanmış qaz sızmaları təxirəsalınmadan dərhal ləğv edilməlidir.