CƏMİYYƏT
İstixanada narkotik yetişdirən Şəmkir rayon sakini saxlanılıb

Bakı, 18 may, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin Kür polis bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus fərdi evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. İstixanaya baxış zamanı orada ümumi çəkisi 14 kiloqram 850 qram olan 31çətənə kolu aşkarlanıb. Bundan başqa, N.Hüseynovun yaşadığı fərdi evə baxış zamanı yardımçı tikilidən qurudulması üçün yerə sərilmiş 3 kiloqram 750 qram çəkisi olan 30 çətənə kolu aşkar edilib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs dindirilərkən çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiyini bildirsə də, digər hallar da istisna olunmur.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.