İDMAN
İsveçrəli xizəkçi Beat Foyts “Pekin-2022”də qızıl medal qazanıb
![İsveçrəli xizəkçi Beat Foyts “Pekin-2022”də qızıl medal qazanıb](/files/2022/1/1200x630/16442294182112513557_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
“Pekin-2022” Qış Olimpiya Oyunlarında kişilər arasında dağ xizəkçiliyinin sürətli eniş yarışında isveçrəli Beat Foyts qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançı 1 dəqiqə 42,69 saniyəlik göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
İlk üçlükdə fransalı Joan Klare və Avstriya idmançısı Mattias Mayer yer alıblar.
Otuz dörd yaşlı B.Foyts “Pxençxan-2018” Qış Olimpiadasında sürətli eniş yarışında gümüş, super qiqantda isə bürünc medala sahib olub. Otuz bir yaşlı M.Mayer “Soçi-2014”də sürətli eniş, “Pxençxan-2018”də isə super qiqant yarışında Olimpiya çempionu olub. Qırx bir yaşlı J.Klare karyerasında ilk dəfə Olimpiya medalı qazanıb.
Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.