“İtaliya mətbəxi günləri” layihəsi noyabrın 13-dən 19-dək davam edəcək
Bakı, 11 noyabr, AZƏRTAC
Sağlam və çeşidlərinin müxtəlifliyinə görə məşhurlaşan İtaliya mətbəxi bir çoxları tərəfindən ən bəyənilən mətbəxlərdən biri hesab olunur. Noyabrın 13-dən 19-dək bütün dünyada artıq ənənəvi hal alan və dəfələrlə Bakıda da təşkil olunan "İtaliya mətbəxi günləri" layihəsi keçiriləcək. Bu barədə AZƏRTAC-a İtaliyanın Milli Turizm Agentliyindən (ENİT) məlumat verilib.
Nəyə görə İtaliya mətbəxinin yeməkləri xüsusilə dadlıdır? “Sualın cavabı biomüxtəliflikdədir. Bu məşhur sözün mənası məhz İtaliyanın timsalında daha aydın şəkildə ortaya çıxır”, - deyə “Eataly” beynəlxalq elit qastronomiya mərkəzləri şəbəkəsinin qurucusu Oskar Farinetti bildirib.

"İtaliya dünyanın şimaldan cənuba ideal enlik boyunca uzanan və hər tərəfdən dənizlə əhatə olunan yeganə yarımadasıdır. Bu nə deməkdir? Dənizdən əsən küləklər İtaliya dağlarında və təpələrində təmiz hava ilə qarşılaşır və nəticədə möcüzə baş verir. Məhz buna görə yalnız Genuya yaxınlığındakı kiçik Pra kəndində dünyanın ən dadlı reyhanı bitir, Abruzzoda ən dadlı zəfəran yetişir, Kalabriyanın biyan kökü isə Apuandakı Alp dağının və İon dənizinin birgə məhsuludur. Dünyanın ən ləzzətli pastası Neapol yaxınlığındakı Qranyanoda hazırlanır”, - deyə o qeyd edib.
Oskar Farinettinin sözlərinə görə, buna görə də ərazisi bütün Yer kürəsinin yalnız 0,5 faizini əhatə edən İtaliyada 7000-ə qədər yeməli bitki növü yetişir.

"İtaliyanın istənilən bölgəsində hər hansı Avropa dövlətində olduğundan daha çox sayda bitki növü mövcuddur: bu ölkədə 1200 avtoxton üzüm sortu, 533 zeytun növü, 140 bərk buğda sortu yetişir, halbuki buğda istehsalı üzrə dünya lideri olan ölkədə bu bitkinin cəmi altı növ var. Bu möcüzədir və biomüxtəliflik adlanır. İtaliya dünyanın ən böyük biomüxtəlifliyə malik ölkəsidir. Bu müxtəliflik məhz istehsal olunan kənd təsərrüfatı məhsullarında və nəticə etibarilə, İtaliya mətbəxində özünü büruzə verir", - deyə ekspert əlavə edib.
İtaliya mətbəxi, ilk növbədə, İtaliya hökuməti tərəfindən "təbii ehtiyatlara qənaət edən, mədəni və bioloji cəhətdən müxtəlif" nominasiyası altında bu il UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına əlavə edilmək üçün namizəd göstərilib. Bu nominasiyadakı irs nümunəsinə yalnız bir dieta - Aralıq dənizi yeməkləri daxildir. Bu termindən ilk dəfə XX əsrin ortalarında Aralıq dənizi məhsulları ilə qidalanmağın tərəfdarı olan dietoloqlar Ansel və Marqaret Keys istifadə ediblər. Onlar müvafiq olaraq, 97 və 100 il ömür sürüblər. Bu cür qidalanmanın sirri qida rasionunda məhz çoxlu miqdarda tərəvəz, meyvə, göyərti və qoz-fındıq, habelə, faydalı yağlarla zəngin olan zeytun, inək və keçi südündən hazırlanan pendirdən istifadə olunmasıdır. Mal və toyuq ətinin az miqdarda yeyilməsi tövsiyə edilir.
“Nəhayət, İtaliya mətbəxi təsviri sənətin tərənnümüdür. Bu qidaların görünüşü çox gözəldir, çünki bu mətbəxdə estetik zövq dadın verdiyi zövqdən heç də az rol oynamır”,- deyə ekspert vurğulayıb.
