İTALİYADA “BERLUSKONİ ERASI” BAŞA ÇATDI
Assoşieyted Press Agentliyinin xəbərinə görə, Prezident ondan hökumətin yeni başçısı təyin olunana qədər Baş nazir vəzifəsini yerinə yetirməyi xahiş etmişdir. Yeni Baş nazir yaxın həftələrdə təyin olunmalıdır, Nazirlər Kabineti bundan sonra formalaşdırılacaqdır.
Berluskoni Kvirinal prezident sarayına Nazirlər Kabinetinin son iclasını keçirdikdən sonra gəlmişdir. İclasda o, öz vəzifəsindən getdiyini açıqlamış və hökumətin üzvlərinə təşəkkür etmişdir. Nazirlər də hökumətin başçısı vəzifəsində fəaliyyətinə görə Berluskoniyə təşəkkürlərini bildirmişlər.
Bununla da, Berluskoni aprelin 9-10-da keçirilən parlament seçkilərində rəqibi Romano Prodinin qələbə qazandığını qəti olaraq etiraf etmişdir. Belə ki, o, seçkilərin nəticələri açıqlandığı vaxtdan bəri öz məğlubiyyətini etiraf etmək istəmirdi və səslərin yenidən hesablanması tələbini irəli sürmüşdü. Lakin o, tərəfdarları parlamentin aşağı və yuxarı palatalarının seçkilərində uduzduqdan sonra, aprelin 29-da istefa verməyi qərara almışdı.
Xatırladaq ki, Silvio Berluskoni müharibədən sonrakı İtaliyada yeganə hökumət başçısıdır ki, bu vəzifədə seçkilərdən seçkilərədək qala bilmişdir.
Bİ-Bi-Si-nin xəbərinə görə, İtaliyanı yeni siyasi mübarizə gözləyir: parlament qarşıdakı yeddi il müddətinə yeni dövlət başçısı seçməlidir. İtaliya prezidenti, əsasən, mərasimlər üçün nəzərdə tutulan simadır, lakin seçkilər zamanı o, hakimiyyətin bir hökumətdən digərinə verilməsində çox mühüm rol oynayır.