İTSDA-nın İdarə heyətinin sədri Xaçmazda vətəndaşlarla görüşüb
Bakı, 24 fevral, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə heyətinin sədri Zaur Əliyev fevralın 24-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edib.
AZƏRTAC agentliyə istinadla bildirir ki, görüşdən əvvəl Zaur Əliyev Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun, agentliyin Quba filialının rəhbərinin, Xaçmaz, Şabran və Siyəzən rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 28 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.