SİYASƏT
Jalə Əliyeva: Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının istəyini və rəyini ifadə edir
![Jalə Əliyeva: Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının istəyini və rəyini ifadə edir](/files/2023/3/1200x630/1702885427415442745_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməsi barədə qərar, sadəcə, YAP üzvlərinin deyil, eyni zamanda, bütün Azərbaycan xalqının istək, arzu və rəyini ifadə edirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında özünə böyük bir dayaq və Lider qazanıb. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və qətiyyətli siyasət sayəsində Azərbaycan mümkün olmayanları mümkün etdi. Bu gün dünya ictimaiyyəti Azərbaycana tamamilə başqa bir prizmadan yanaşır. İndiki Azərbaycan 30 il əvvəlin Azərbaycanı deyil. İlk növbədə, ölkəmiz işğal altındakı ərazilərini geri qaytarıb və bu torpaqlarda sülh, əmin-amanlıq yaradaraq üçrəngli Bayrağını ucaldıb. Azərbaycan həmin ərazilərdə sürətlə nəhəng quruculuq işləri aparır. Görülən işlər bununla bitmir. Eyni zamanda, bütün ölkə boyu müxtəlif sahələrin inkişafına yönəlmiş layihələr həyata keçirilir.
“Biz Azərbaycanda hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması üçün sosial layihələr hazırlayan, dövlətimizin qonşu ölkələrlə tarazlaşdırılmış siyasət həyata keçirilməsi üçün geniş fəaliyyətini durmadan davam etdirən, Azərbaycanı, sadəcə, siyasət, ordu quruculuğu sahələrində deyil, eyni zamanda, sosial, səhiyyə, mədəniyyət, təhsil istiqamətlərində dünyanın aparıcı ölkələrindən birinə çevirən Liderdən danışırıq. Biz Azərbaycanı Cənubi Qafqazın ulduzuna çevirən Liderdən bəhs edirik. Görülən saysız-hesabsız və mükəmməl işlərin hər birinin arxasında Prezident İlham Əliyevin imzası və “Dəmir yumruq” dayanır”, - deyən J.Əliyeva diqqətə çatdırıb ki, bu gün Azərbaycan dedikdə 44 günlük müharibədə inanılmaz Zəfər çalmış, həmin günə qədər dünyanın heç bir ölkəsində mövcud olmayan strategiya ilə torpaqlarını geri qaytarmış və ötən üç il ərzində inkişafının ən yüksək zirvəsinə çatan bir ölkə göz önünə gəlir.
“Gələn il fevralın 7-də keçiriləcək seçkilər bir daha Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək. Xalqımızın birmənalı olaraq öz Liderinə, xilaskar Prezidentinə və yenilməz sərkərdəsinə səs verəcəyi gün kimi aydındır. Bu seçkilər nəticəsində Azərbaycan daha parlaq və daha gözəl günlərini yaşayacaq. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu günə qədər olduğu kimi, fevralın 7-dən sonra da həm Cənubi Qafqazın, həm də dünyanın parlaq ulduzuna çevrilməkdə davam edəcək. Seçkilərə ay yarım vaxt qalmasına baxmayaraq, seçkilərin artıq baş tutduğunu söyləyə bilərik. Bunu tam cəsarətimlə deyirəm. Çünki seçicilərlə davamlı olaraq keçirdiyimiz görüşlərdə illərdir gəldiyimiz qənaət bundan ibarətdir ki, Azərbaycan xalqının bir seçimi var və o da İlham Heydər oğlu Əliyevdir”, - deyə deputat əminliklə vurğulayıb.