JURNALİSTLƏRİN I QURULTAYINA HAZIRLIQ ÜZRƏ TƏŞKİLAT KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Fevralın 15-də Azərbaycan jurnalistlərinin I qurultayına hazırlıq işləri üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilmişdir.
Təşkilat Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda iştirak etmək üçün indiyədək 150-ə yaxın KİV və jurnalist təşkilatı müraciət edib. Təşkilat Komitəsi təsisçilik üçün lazım olan sənədlərin, qurultay nümayəndələrinin və Mətbuat Şurasına namizədlərin siyahılarının qəbulunu davam etdirir.
Təşkilat Komitəsinin üzvləri razılığa gəldilər ki, Mətbuat Şurasının Nizamnaməsinin layihəsi “Xalq Cəbhəsi” qəzetinin növbəti saylarının birində çap edilsin və bu barədə digər qəzetlərdə məlumat verilsin. Jurnalistlərin “Peşə etikası kodeksi”nin layihəsi isə aparıcı qəzetlərin əksəriyyətində işıq üzü görsün.
İclasda qurultayın büdcəsi, gündəliyi və iş planı təsdiq edildi. Öz işini bir gün ərzində başa çatdıracaq qurultayda Azərbaycan jurnalistikasının müasir mərhələdə vəziyyəti, onun özünütənzimləməsində Mətbuat Şurasının rolu ilə bağlı məruzə dinləniləcək, Mətbuat Şurası təsis ediləcək, onun Nizamnaməsi və “Jurnalistlərin peşə etikası kodeksi” qəbul ediləcək, şuranın üzvləri və Sədr seçiləcəkdir.
Təşkilat Komitəsinin növbəti iclası fevralın 22-də keçiriləcəkdir.