DÜNYA
Kaliforniyanın bəzi dairələrində koronavirusa yoluxmaların sayının artması səbəbindən məcburi maska taxılması tələbi bərpa olunacaq
![Kaliforniyanın bəzi dairələrində koronavirusa yoluxmaların sayının artması səbəbindən məcburi maska taxılması tələbi bərpa olunacaq](/files/2022/2/1200x630/16543293113037843061_1200x630.jpg)
Vaşinqton, 4 iyun, AZƏRTAC
ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzləri Kaliforniyada COVID-19-a yoluxmaların yüksək səviyyəsini nəzərə alaraq, ştatın 13 dairəsinin sakinlərinə qapalı məkanlarda maska taxılmasının bərpa olunmasını tövsiyə edirlər.
AZƏRTAC xəbər verir ki, ştatın 58 dairəsindən 13-ü COVID-19 xəstəliyinin yüksək səviyyəsinin qeydə alındığı dairə kimi təsnif edilib. Qurumun saytında yerləşdirilmiş məlumatda deyilir: “COVID-19 virusuna yoluxmanın səviyyəsi son 7 gün ərzində əhalinin hər 100 min nəfərinə düşən yeni yoluxmaların cari səviyyəsi nəzərə alınmaqla, xəstəxanaya yatırılmanın və stasionar çarpayılardan istifadə göstəricilərinin artması ilə müəyyən edilir”.
Maska taxılması səlahiyyəti Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərin özü tərəfindən yerinə yetirilə bilməz, çünki bu qurum yalnız tövsiyə verə bilər. Qaydaların tətbiqi və icrası dairə və ştatların yerli səhiyyə orqanları tərəfindən müəyyən olunur, onlardan bəziləri maska taxılması tələbini artıq bərpa ediblər. Oklend şəhəri və San-Fransisko körfəzinin bir hissəsinin daxil olduğu Alameda dairəsi hazırda burada xəstəliyin “orta” səviyyəsinin müəyyən edilməsinə baxmayaraq, maska taxılması qaydasının bu həftə yenidən bərpa olunmasını elan edib.
ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərinin məlumatına görə, Kaliforniyanın ümumilikdə 72,6 faizi COVID-19 əleyhinə vaksinin hər iki dozasını vurdurub, yaşı 12-dən yuxarı insanların 53,3 faizi isə tam peyvəndlənmə sxemini keçiblər.
AZƏRTAC-ın Vaşinqton bürosu