KEÇƏN İL QOBUSTANDA SOSİAL-İQTİSADİ SAHƏDƏ GÖRÜLMÜŞ İŞLƏR TƏHLİL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 16-da Mərəzə qəsəbəsindəki mədəniyyət evində Qobustan rayonunun idarə, müəssisə, təşkilat rəhbərlərinin, sahibkarların, icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə geniş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar. Sonra mədəniyyət evinin foyesində rayonun 2006-cı ildə sosial-iqtisadi inkişafını əks etdirən fotoşəkillərlə, diaqramlarla tanışlıq olmuşdur.
Yığıncaqda Qobustan rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin “2006-cı ildə sosial-iqtisadi inkişaf sahəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə” hesabat məruzəsi dinlənilmiş, müzakirələr keçirilmişdir. Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində keçən il rayonda xeyli işlər görülmüşdür. 2006-cı ildə 28802 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən 42,2 faiz çoxdur. İstehsal olunmuş məhsulun 61 faizi kənd təsərrüfatının, 1,5 faizi sənayenin, 21,2 faizi tikintinin, 3 faizi nəqliyyat və rabitənin, 13,3 faizi isə digər xidmət sahələrinin payına düşür. Ötən il 29 min 632 ton taxıl istehsal olunmuşdur ki, bu da 2005-ci ildəki göstəricidən 14 min ton çoxdur. Kartof, meyvə-tərəvəz, bostan məhsulları, üzüm istehsalı da əvvəlki ilə nisbətən 2-5 faiz artmışdır.
Heyvandarlıq təsərrüfatın aparıcı sahələrindəndir. Hazırda rayonda 28 min 35 baş qaramal, 177 min 608 baş davar vardır. Keçən il ət istehsalı 2 min 424 ton və ya 100,3 faiz, süd istehsalı 12 min 920 ton və ya 101,2 faiz təşkil etmişdir.
2006-cı ilin iyul-dekabr aylarında Bakı şəhərinin Suraxanı və Nərimanov rayonlarında keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayonun fermerləri 24 dəfə iştirak etmiş, burada şəhər əhalisinə bazar qiymətlərindən xeyli ucuz olmaqla 21 ton mal əti, 62 tondan çox qoyun əti satmışlar.
Hesabat ilində rayonda tikinti və abadlıq işləri sahəsində xeyli iş görülmüşdür. Mərəzə qəsəbəsinin M.Ə.Sabir küçəsində 8 mənzilli 9 yaşayış binasının dam örtüyü dəyişdirilmiş, yollar abadlaşdırılmış, yeni park salınmışdır. “Qobustan Holdinq” MMC Xilmilli kəndində daşdoğrayan istehsalat sahəsini, Mərəzə qəsəbəsində istehsal gücü saatda 50 ton olan asfalt zavodunu, tikiş sexini, çörək-bulka və qənnadı sexlərini istifadəyə vermişdir.
Hesabat məruzəsində təhsil, səhiyyə, rabitə və mədəniyyət sahələrində görülən işlərdən və mövcud nöqsanlardan, əhalinin elektrik enerjisi, təbii qaz və su təminatı sahəsində həyata keçirilən tədbirlərdən və nöqsanlardan ətraflı danışılmışdır.
Yığıncaqda, habelə cari ildə qarşıda duran təxirəsalınmaz vəzifələrdən də ətraflı söhbət açılmışdır.
Hesabat yığıncağında respublika əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxış etmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov hesabat yığıncağında iştirak etmişdir.