ELM VƏ TƏHSİL
Kənddə böyüyən qız fəlsəfə doktorluğu dissertasiyasını Avstraliyada müdafiə edib
Bakı, 10 sentyabr, Gözəl Ağayeva, AZƏRTAC
Avqust ayında Avstraliyada doktorantura təhsilimi uğurla başa vuraraq Azərbaycana gəlmişəm. Fəlsəfə doktorluğu dissertasiyam Azərbaycanda müstəqillik dövründə dil siyasəti, latın qrafikalı əlifbaya keçid və bunların fonunda milli mənsubiyyət məsələsi haqqındadır. Dissertasiyamda XX əsrdə Azərbaycanda həyata keçirilmiş əlifba islahatları (o cümlədən ərəb qrafikasından latına, latından kirilə və kirildən latına) da ümumi olaraq nəzərdən keçirilib, əsas təhlil obyekti isə müstəqillik dövründə olan müvafiq dəyişikliklərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avstraliyanın Melburn şəhərində yerləşən Suinbern Texnologiya Universitetində doktorantura təhsili almış Nigar Kazımzadə söyləyib. Onun sözlərinə görə, Avstraliyada postsovet ölkəsi kimi Azərbaycanla bağlı mövzuya böyük maraq var: “Azərbaycan tarixinə də elmi işimdə yer verdiyim üçün çoxları mənim tədqiqatımdan yeni və maraqlı məlumatlar əldə etdilər. Eyni zamanda, Avstraliyada kolonializm mövzusunun nə dərəcədə önəmli olduğunu nəzərə alsaq, Azərbaycanın da dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa zaman kəsiyində dil siyasəti və milli kimlik məsələsində əldə etdiyi nəticələrin əksini tapdığı tədqiqat işim maraqlı hesab olundu”.
Qeyd edək ki, Nigar Kazımzadə 1995-ci ildə Şəmkir rayonunda Təzəkənddə dünyaya göz açıb. Səməd Vurğun adına tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə Azərbaycan Dillər Universitetinə ingilis dili müəllimliyi ixtisası üzrə qəbul olub. Bakalavriat təhsilindən sonra, 2016-2018-ci illərdə elə həmin universitetdə dilşünasliq ixtisasi üzrə magistratura təhsili alıb.
Kənd yerində boya-başa çatan Nigar deyir ki, Avstraliyada doktoranturaya qəbul olması onu çox sevindirmişdi: “Uzun müddət göstərdiyim səylərin boşa çıxmaması məni daha da ruhlandırdı”.
Müsahibimiz Melburnda doktorantura təhsili aldığı müddətdə əmək fəaliyyəti ilə də məşğul olub. Onun ofislərdən birində çalışması təhsilinə mane olmayıb. Bunun səbəbini Nigar belə izah edir: “Əmək fəaliyyətimə Azərbaycanda tələbə olarkən başlamışdım və bu təcrübə mənə iş və təhsil fəaliyyətimi tənzimləməyə çox kömək oldu. Xaricdə də eyni qaydada əldə etdiyim təcrübələrdən və vərdişlərdən bəhrələnərək bu balansı qorumağa çalışırdım”.
Hazırda Nigar elmi fəaliyyətini dilşünaslıq üzrə tədqiqatçi kimi davam etdirmək və qazandığı bilikləri ali təhsil ocaqlarında tədris etməyi planlaşdırır.
Gənc dilşünas alim xaricdə təhsil almaq istəyənlərə tövsiyələrini də verir: “Ən böyük tövsiyəm gənclərin çox çalışması və məqsədlərini düzgün müəyyən etməsidir. Eyni zamanda, öz ixtisasları üzrə daha çox fayda alacaqları ölkə və universitetləri seçmək olduqca önəmlidir”.