CƏMİYYƏT
Kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılmalı və onların istismarı ilə bağlı konkret qurum müəyyən edilməlidir
![Kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılmalı və onların istismarı ilə bağlı konkret qurum müəyyən edilməlidir](/files/2020/1/1200x630/1580806546437509897_1200x630.jpg)
Bakı, 4 fevral, AZƏRTAC
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib: “Ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətdə bir çox önəmli tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır”.
Konfransda Prezident bu sahədə olan nöqsanlardan da danışıb: “Ancaq mənə bəzi yerlərdən gələn məlumata görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitorinq keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərək təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular başlı-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əslində, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar. Bir çox yerlərdə belə deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qurğuları quraşdırıb və sanki işini yekunlaşdırıb. Ona görə həm monitorinq aparılmalıdır, həm də lazımdırsa, yeni kəndlərdə bu cür qurğular quraşdırılmalıdır və onların istismarı ilə bağlı konkret bir məsul qurum müəyyən edilməlidir”.