REGİONLAR
Kəngərli Rayon Mərkəzi Xəstəxanasında bir gündə 7 cərrahi əməliyyat aparılıb
Kəngərli, 15 fevral, AZƏRTAC
Kəngərli Rayon Mərkəzi Xəstəxanasında bir gündə 7 cərrahi əməliyyat həyata keçirilib. Səhiyyə müəssisəsinin həkim və orta tibb işçiləri əvvəlcə ambulator müayinələr aparıblar. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları icra olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıblar.
Kəngərli rayonunun Qarabağlar kəndindən gələn birinci qrup əlil Suğra Səfərova başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də yüksək səviyyədə göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, cərrahi əməliyyatlar pulsuz həyata keçirilir və ilboyu davam etdiriləcək.