Kərkicahanda yeni həyat: Bəxtiyarovlar ailəsinin qayıdış hekayəsi VİDEO
Xankəndi, 30 iyul, AZƏRTAC
Bəzən bir insanın doğma yurduna qayıdışı təkcə ünvan dəyişikliyi deyil, ömür boyu yaşatdığı arzunun gerçəkləşməsidir. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qayıdan Məhəddin Bəxtiyarovun hekayəsi də məhz belə bir mənaya malikdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhəddin Bəxtiyarov 1992-ci ildə doğma Kərkicahanı özünün “VAZ-21011” markalı avtomobili ilə tərk edib. Köçkünlük illərini Gəncə şəhərində keçirən ailə illər boyu həmin avtomobili də doğma yurdun unudulmayan xatirəsi kimi qoruyub saxlayıb. Bu gün isə illərin həsrəti bitib. Məhəddin Bəxtiyarov vaxtilə doğma elindən ayrıldığı həmin avtomobillə yenidən Kərkicahana dönərək həyatının ən unudulmaz yolunu qət edib.
Onun həyat yoldaşı Afayət Bəxtiyarova da Kərkicahanı 23 yaşında tərk edib. İndi isə yenidən doğma yurdunda yaşayır. Müəllim peşəsini sevə-sevə davam etdirən Afayət xanım məktəbdə şagirdlərə yalnız elm öyrətmir, onlara Vətənə sevginin, doğma torpağa bağlılığın da ən gözəl nümunəsini göstərir. O, bu dəyərləri ailəsində də yaşadır, Kərkicahan sevgisini övladlarına və nəvələrinə ötürür.
Afayət Bəxtiyarova doğma yurduna qovuşmağın sevincini hər gün yaşadığını deyir. Bu gün ailəsi – həyat yoldaşı, oğlu, gəlini və üç nəvəsi ilə birlikdə doğma yurdunda yaşayır. O, bu xoşbəxt günlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirir, Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə isə cansağlığı arzulayır.
Bəxtiyarovlar ailəsinin hekayəsi Böyük Qayıdışın ən təsirli nümunələrindən biridir. Bu, təkcə bir ailənin öz evinə dönüşü deyil, doğma torpağın yenidən öz sakinlərinin nəfəsi ilə canlanmasının, yarımçıq qalmış ömür hekayələrinin davam etməsinin və illərlə qorunan ümidlərin gerçəyə çevrilməsinin ifadəsidir.
Müxbir – Tahir Ağaməmmədov