“Ketchum” şəbəkəsi və Azərbaycanın “RED Communications” şirkəti arasında saziş imzalanıb
Bakı, 21 yanvar, AZƏRTAC
“Ketchum” qlobal kommunikasiya şəbəkəsi və Azərbaycanın “RED Communications” şirkəti arasında eksklüziv tərəfdaşlıq sazişi imzalanıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, saziş “RED Communications”ın “Ketchum”un Moskva ofisi ilə - “Ketchum Maslov” şirkəti ilə üç ildən çox davam edən əməkdaşlığa əsaslanıb.
“Ketchum”un Avropadakı baş partnyoru və icraçı direktoru Devid Qallaher bildirib: “Yeni sazişin imzalanması “Ketchum”un Şərqi Avropada mövqeyinin möhkəmlənməsinə təkan verəcək. Hazırda “Ketchum”un Avropa, Yaxın Şərq və Afrika regionunda 17 ofisi və tərəfdaş agentliyi mövcuddur.
“Ketchum” şəbəkəsi ilə rəsmi sazişin imzalanması Azərbaycanın PR-xidmətləri bazarı üçün olduqca vacib bir hadisədir. Azərbaycan bazarında bizim uğurlu fəaliyyətimiz “Ketchum”un dünya üzrə tanınmış ekspertizası ilə dəstəklənəcək və bu da öz növbəsində yerli müştərilərimizə və əməkdaşlarımıza əlavə imkanlar yaradacaq”, - deyə “RED Communications”ın icraçı partnyoru Tatyana Mikayilova bildirib.
DAS Şirkətlər Qrupuna daxil olan “Ketchum” qabaqcıl kommunikasiya şəbəkəsidir və hazırda dünyanın 6 qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir. Şəbəkə 17 dəfə “Kann şirləri” mükafatına və “PRWeek” tərəfindən dəfələrlə “İlin şirkəti” kateqoriyasında mükafata layiq görülüb. “Ketchum” müştərilərinə strateji yanaşmanı qurmağa, brend və reputasiya formalaşdıran kreativ və ölçülə bilən nəticələrin yaradılmasına yardım edir.