Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şuranın sədri akademik İsmayıl İbrahimov iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir.
Ölkəmizdə 2013-cü ilin “İKT ili” elan olunması ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər haqqında məlumat verən AMEA-nın akademik-katibi, müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanda informasiya cəmiyyəti ideologiyasının bərqərar olması və formalaşması istiqamətində dövlətin gördüyü mühüm tədbirlərdən söz açmışdır. Cəmiyyətin tərəqqisində böyük əhəmiyyətə malik olan İKT layihələrindən danışan R.Əliquliyev 2013-cü ilin fevral ayında Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə çıxarılmasını bu sahədə əldə edilən uğurların ən yüksək zirvəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanın strateji maraqlarına xidmət edən “Azərspace-1” peyki təqdim etdiyi İnternet, rabitə, televiziya yayımı və digər resurslardan başqa bir çox xarici ölkələrə kommersiya xidmətləri də göstərir.
Sonra AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev 2014-cü ildə keçiriləcək “Kibernetika və informatika problemləri - PCİ 2014” konfransına hazırlıq prosesi haqqında məlumat vermişdir. Akademik tədbirin növbəti ilin sentyabr ayında keçirilməsinin planlaşdırıldığını qeyd etmişdir.
T.Əliyev iki ildən bir təşkil olunan konfransın Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Tədbirdə həmçinin müvafiq sahə üzrə cari ildə görülmüş işlər, o cümlədən, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması ilə bağlı müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.